
AzerGold kiberdələduzluq cəhdləri ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
AzerGold QSC əməkdaşlarının adından WhatsApp vasitəsilə saxta profillər yaradılaraq kiberdələduzluq cəhdlərinin edildiyi barədə xəbərdarlıq yayıb.
AzadAzərbaycan xəbər verir ki, son vaxtlar "AzerGold" QSC-nin bəzi işçilərinin adından və şəkillərindən qanunsuz istifadə edilərək saxta profillər açılıb. Bu profillər vasitəsilə "WhatsApp" mesajlaşma şəbəkəsində kiberdələduzluq əməlləri həyata keçirilməyə cəhd olunur.
Şəxsiyyəti məlum olmayan dələduzlar özlərini səhmdar cəmiyyətinin nümayəndəsi kimi qələmə verərək müxtəlif şəxslərə mesajlar ünvanlayırlar. Bu addımların əsas məqsədi vətəndaşları aldada bilmək, onların şəxsi və bank kartı məlumatlarını, eləcə də pul vəsaitlərini mənimsəməkdir.
Qurum bu növdən olan dələduzluq hallarından qorunmaq üçün ictimaiyyəti, əməkdaşlarını və tərəfdaşlarını diqqətli olmağa çağırıb. Şübhəli müraciətlərə cavab verməmək, naməlum linklərə keçməmək və fərdi məlumatları kənar şəxslərə verməmək tövsiyə edilir.
Dələduzluq cəhdləri ilə qarşılaşan şəxslərdən dərhal hüquq-mühafizə orqanlarına və cəmiyyətin özünə məlumat vermələri, eləcə də yazışma sübutlarını saxlamaları istənilir. AzerGold QSC qurumun adından icazəsiz istifadəni qətiyyətlə pisləyib.




