
Azərbaycanda işsizlikdən sığorta təminatlı yeni kredit məhsulu yaradılır
Azərbaycanda vətəndaşların işsiz qalması halında kredit borclarının sığorta şirkətləri tərəfindən ödənilməsini nəzərdə tutan yeni qaydalar hazırlanır.
Azərbaycanda vətəndaşların işsizlik riski ilə qarşılaşdıqda kredit öhdəliklərini yerinə yetirə bilmələri üçün yeni mexanizm tətbiq olunacaq. Mərkəzi Bank tərəfindən hazırlanan qaydalara əsasən, kredit risklərinin sığortalanması vasitəsilə borclunun işini itirdiyi hallarda ödənilməyən borclar üçüncü tərəfin vəsaiti hesabına bağlanacaq.
Deputat Vüqar Bayramovun sözlərinə görə, mövcud qanunvericilikdə borcalanların həyatı və əmək qabiliyyətinin itirilməsi halları sığortaklansa da, yeni qaydalar birbaşa işsiz qalma riskini əhatə edəcək. Vətəndaşlardan asılı olmayan səbəblərdən iş yerinin bağlanması və ya ixtisarlar zamanı sığorta şirkəti öhdəliyi qarşılayacaq.
Yeni sığorta növü rəsmi əmək müqaviləsi ilə çalışan şəxslərə şamil olunacaq. İstehlak kreditləri üzrə bu xidmətdən yararlanmaq könüllü olacaq, lakin müəyyən şərtlərlə məcburi təkliflərin də nəzərdə tutulduğu bildirilir. Sığorta hadisələrinə iş yerinin ləğvi, ştatların ixtisarı və digər qanuni səbəblər daxil ediləcək.
Mütəxəssislər hesab edirlər ki, bu sığorta növünün tətbiqi vətəndaşları maliyyə baxımından qorumaqla yanaşı, bankların risklərini də azaldacaq. Eyni zamanda, sığorta xərclərinin kompensasiya edilməsi üçün bankların kredit faizlərində müəyyən azalmaya gedəcəyi gözlənilir.




