
Almaniyanın AfD partiyasının daxili yazışmalarında radikal fikirlər üzə çıxıb
Haker hücumuna məruz qalan AfD partiyasının elektron poçt ünvanından radikal və nasist meyilli daxili yazışmalar sızıb.
Almaniyadakı “Almaniya üçün Alternativ” partiyasına münasibətdə tez-tez radikal və ya nasist ifadələri işlədilir. Lakin bu cür təriflər həmin strukturun əsl mahiyyətini tam əks etdirməyən yumşaldılmış ifadələr hesab olunur.
Son başverən hadisə zamanı təşkilatın elektron poçt hesabı haker hücumuna məruz qalıb və partiya rəhbərliyi bunu təsdiqləyib. Sızdırılan daxili yazışmalar partiya daxilindəki müzakirələrin əsl mahiyyətini üzə çıxarıb.
Mətbuatda yayılan məlumatlara görə, yazışmalarda nasist salamları, antisemit nəzəriyyələri, eləcə də qaçqınlara qarşı sərt tədbirlər və sərhəddə onlara atəş açılması kimi fikirlər yer alıb.
Bundan əlavə, sənədlərdə Holokostun inkar edilməsi və Adolf Hitlerin təriflənməsi ilə bağlı müzakirələrin aparıldığı da qeyd olunur. Belə halların hər hansı normal siyasi təşkilatın rəhbərliyində müzakirə olunması ciddi narahatlıq doğurur.




