
Qazaxıstanda hərbi xidmət və Silahlı Qüvvələrin strukturu yenilənir
Qazaxıstanda pilotsuz sistemlər qüvvələrinin yaradılmasını və hərbi xidmətin ikimərhələli modelinə keçidi nəzərdə tutan islahat planı təsdiqlənib.
AzadAzərbaycan xəbər verir ki, Qazaxıstanda hərbi sahədə əsaslı dəyişiklikləri ehtiva edən yeni islahat planı rəsmən təsdiq olunub. Təşəbbüs çərçivəsində pilotsuz sistemlər qüvvələrinin formalaşdırılması və müddətli həqiqi hərbi xidmətin ikimərhələli modelinə keçilməsi planlaşdırılır.
Müvafiq qərar ölkə Prezidenti Qasım-Jomart Tokayevin sədrliyi ilə baş tutan Təhlükəsizlik Şurasının iclasında qəbul edilib. Yeniliyə əsasən, çağırışçılar ilk yarım il ərzində xüsusi təlim mərkəzlərində hazırlıq keçəcəklər. Növbəti altı ayda isə onlar birbaşa hərbi hissələrdə döyüş hazırlığına cəlb olunacaq və bölmələrin tərkibində tapşırıqları yerinə yetirəcəklər.
Həmçinin islahat planına əsasən, Silahlı Qüvvələrin strukturuna yenidən baxılacaq, idarəetmə və müdafiə planlaşdırılması sistemi təkmilləşdiriləcək. Eyni zamanda, hərbi məsləhətçilər institutu və hərbi qulluqçuların hüquqları üzrə müvəkkil institutunun yaradılması da nəzərdə tutulur.
Qeyd edək ki, plan üzrə təşkilati tədbirlərin 2026-cı ilin sonunadək başa çatdırılması gözlənilir. Əsas konseptual tədbirlərin icrası isə 2027-ci ilə planlaşdırılıb.




