
Türkiyə serial sektorunda böhran: Aktyorların qonorarları azaldıla bilər
Türkiyədə serial sektorunda yaşanan reklam böhranı fonunda telekanallar xərcləri azaltmaq üçün tədbirlər görür, o cümlədən aktyor qonorarlarına məhdudiyyət qoyulması müzakirə olunur.
Türkiyənin serial sektorunda dərinləşən reklam böhranı yeni müzakirələrə yol açıb. Oktyabr ayında son 30 ilin ən aşağı reklam gəliri qeydə alınıb. Yaranan bu çətin vəziyyət telekanalların maliyyə itkilərini artırdığı üçün tərəflər çıxış yolu axtarmağa başlayıblar.
Son keçirilən görüşlərdə telekanal rəhbərləri serial prodüserlərindən çəkiliş xərclərini 25 faiz azaltmağı tələb ediblər. Öz növbəsində, prodüserlər də xərcləri optimallaşdırmaq üçün müəyyən təkliflər irəli sürüblər. Hazırda 140 dəqiqəyədək davam edən serial epizodlarının 110 dəqiqəyə endirilməsi təklif olunur ki, bu da əlavə çəkiliş heyətinə olan ehtiyacı aradan qaldıracaq.
Bundan əlavə, ekran işlərində rol alan aktyorların yüksək qonorarlarına da məhdudiyyətlərin tətbiqi gündəmdədir. Əlavə ödənişlərlə birlikdə 5 milyon lirəyədək qonorar alan məşhur aktyorlara bu məbləğlərin verilməməsi nəzərdə tutulur. Qonorarını azaltmağa razı olmayan aktyorlarla isə əməkdaşlığa son qoyulması imkanları nəzərdən keçirilir.
Hələlik məsələ ilə bağlı müzakirələr davam edir və sektor nümayəndələri böhrandan çıxış yollarını axtarırlar.




