
Türkiyə Prezidenti Rusiya və Ukraynaya Qara dəniz çağırışı edib
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna rəsmilərini Qara dəniz bölgəsində hərbi əməliyyatları dayandırmağa səsləyib.
AzadAzərbaycan xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynanı Qara dənizdə hərbi əməliyyatları dayandırmağa və məsuliyyətli davranmağa çağırıb.
İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında çıxış edən dövlət başçısı Qara dənizdə gərginliyi artıran addımların heç kimin maraqlarına uyğun olmadığını vurğulayıb.
O, bu cür hücumlara kimin həyata keçirməsindən və hansı bəhanənin gətirilməsindən asılı olmayaraq heç bir halda dözə bilməyəcəklərini qeyd edib və bütün tərəfləri məsuliyyətli olmağa dəvət edib.
Ankaranın hər iki ölkəyə dənizdə döyüşlərin dayandırılması ilə bağlı təkliflər göndərdiyini xatırladan Ərdoğan, hələlik tərəflərdən heç birinin konkret addım atmadığını bildirib.
Öz növbəsində, Volodimir Zelenski oktyabrın 31-də Türkiyə lideri ilə Qara dənizdə taxıl dəhlizinin fəaliyyəti istiqamətində əməkdaşlıq barədə razılığa gəldiklərini açıqlayıb.




