
Qubada məktəblilərin gündəlik çətinliyi: 12 kilometr piyada yol gedirlər
Qubanın Kardaş kəndinin şagirdləri təhsillərini davam etdirmək üçün hər gün qonşu kəndə 12 kilometr məsafəni piyada qət etməli olurlar.
AzadAzərbaycan xəbər verir ki, Qubanın Kardaş kəndinin sakinləri övladlarının təhsil alarkən üzləşdikləri çətinliklərlə bağlı müraciət ediblər. Məlum olub ki, kənddəki modul tipli məktəb yalnız dördüncü siniflə məhdudlaşır və bu səbəbdən uşaqlar təhsillərini davam etdirmək üçün qonşu Pirvahid kəndindəki orta məktəbə getməlidirlər.
Təxminən 15-16 şagird hər gün get-gəl olmaqla 12 kilometr yolu piyada qət etməyə məcbur qalır. Valideynləri narahat edən əsas məqam yalnız uzun məsafə deyil, həm də yolun təhlükəli olmasıdır. Xüsusilə soyuq və yağışlı hava şəraitində uşaqların məktəbə gedib-gəlməsi daha da ağırlaşır.
Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, Kardaş kənd ibtidai ümumtəhsil məktəbi yalnız ibtidai təhsil səviyyəsini əhatə edir. Qurumdan qeyd olunub ki, şagirdlərin daşınması imkanları ilə bağlı valideynlərin müraciətləri əsasında müvafiq dəyərləndirmələr aparılır.

