
Polşanın Baş naziri Donald Tusk ölkədəki siyasi böhranla bağlı xalqa müraciət edib
Polşanın Baş naziri Donald Tusk Konstitusiya Tribunalı ətrafında yaranmış gərginlik və məhkəmə binası qarşısındakı iğtişaşlarla bağlı vətəndaşlara müraciət edib.
Polşanın Baş nazir Donald Tusk ölkədə hökm sürən siyasi böhran və Konstitusiya Tribunalının ətrafında baş verən hadisələrlə əlaqədar xalqa müraciət ünvanlayıb. O, sosial şəbəkə hesabında bu barədə öncədən məlumat yaymışdı.
Qeyd edək ki, Nazirlər Kabinetinin keçmiş üzvü Maçey Berekin Konstitusiya Məhkəməsinə hakim təyin olunması ölkədə ciddi siyasi böhrana səbəb olub. Son həftələrdə məhkəmə binasının qarşısında mütəmadi etiraz aksiyaları təşkil olunur.
Oktyabrın sonunda ədliyyə naziri Valdemar Zurek Konstitusiya Məhkəməsinin sədri vəzifəsini icra edən Boqdan Şvençkovskinin vəzifəsindən uzaqlaşdırılması və toxunulmazlığının ləğvi üçün vəsatət qaldırıb. Oktyabrın 31-i gecəsi isə etirazçılar məhkəmə binasının qarşısına toplaşaraq hasarı aşmağa cəhd göstəriblər. Yaranan gərginlik səbəbindən Polşa Prezidenti Karol Navrotski Seneqala olan səfərini vaxtından əvvəl dayandırmalı olub.
Müraciətində məhkəmə binası qarşısında baş verən iğtişaşları qəti şəkildə pisləyən Baş nazir müxalifətdəki Hüquq və Ədalət Partiyasını ölkədə hüququn aliliyini pozmaqda ittiham edib. Tusk vurğulayıb ki, dünən şahidi olduqları mənzərələr yolverilməzdir və sülhə aparan yol qanunsuzluğa və zorakılığa göz yummaqdan keçə bilməz.
O, əlavə edib ki, məhkəməyə və hakimlərə edilən hücumlar ölkədə hüququn aliliyinin məhv edilməsi prosesinin davamıdır. Baş nazir demokratik dövlətin güclü olmalı və ədaləti tam təmin etmək iqtidarında qalmalı olduğunu qeyd edib.




