
İspaniyalı aktrisa Penelopa Kruz yeni imici ilə görənləri təəccübləndirdi
Tanınmış ispan aktrisa Penelopa Kruz məşhur jurnalın qış buraxılışı üçün qeyri-adi imicdə fotosessiya etdirib.
İspaniyalı aktrisa Penelopa Kruz V jurnalının qış sayının üz qabığı üçün obrazını kökündən dəyişib. O, qısa və açıq sarı rəngli bob saç düzümü ilə pərəstişkarlarını təəccübləndirməyi bacarıb. Yeni görünüşü aktrisanı ilk baxışdan tanınmaz hala gətirib.
Fotosessiyanın müəllifi Alvaro Beamud Kortesdir. Jurnalın səhifələrində Penelopaya ispan musiqiçisi Guitarricadelafuente tərəfdaşlıq edib. Onlar rejissorlar Xavyer Kalvo və Xavyer Ambrossinin "Qara şar" filmində birgə rol alıblar.
Ekran əsərində Kruz İspaniya Vətəndaş Müharibəsi dövründə gənc bir oğlan üçün ümid simvolu olan kabare ulduzu Nene Romeronu canlandırıb. Musiqiçi Guitarricadelafuente üçün isə bu layihə aktyorluq debütü olub.
Film ispan şairi Federiko Qarsiya Lorkanın yarımçıq qalmış pyesindən ilhamlanıb. Süjet xətti müxtəlif illəri əhatə edərək azadlıq, sevgi və insanın özü olmaq hüququ kimi dərin mövzuları əhatə edir.




