
Dominikanda Azərbaycanın Zəfər Gününə həsr olunan ilk mədəniyyət tədbiri keçirilib
Azərbaycanın Dominikandakı səfirliyinin təşkilatçılığı ilə Santo-Dominqoda Zəfər Gününə həsr olunmuş ilk konsert proqramı təşkil edilib.
Azərbaycanın Dominik Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə ölkənin paytaxtı Santo-Dominqo şəhərində Zəfər Günü münasibətilə rəsmi konsert proqramı baş tutub. Azərbaycan milli musiqisinə həsr olunan bu tədbir Dominikanda təşkil edilən ilk belə mədəniyyət layihəsi kimi yadda qalıb.
Mərasimdə Dominikan Prezident Administrasiyasının təmsilçisi, Xarici İşlər Nazirliyinin rəsmi şəxsləri, Mədəniyyət Nazirliyinin əməkdaşları, eləcə də diplomatik korpusun nümayəndələri və yerli ictimaiyyət iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Ruslan Rzayev Vətən müharibəsində əldə edilən tarixi Qələbənin Azərbaycanın müasir inkişafında mühüm rol oynadığını bildirib. O, ölkəmizin regionda sülh və əməkdaşlıq siyasəti yürütdüyünü, eləcə də işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa işlərinin həyata keçirildiyini diqqətə çatdırıb.
Səfir həmçinin iki ölkə arasında ikitərəfli əlaqələrə toxunaraq 2027-ci ildə diplomatik münasibətlərin qurulmasının 20 illiyinin qeyd olunacağını vurğulayıb. Bu yubileyin xalqlar arasında dostluq münasibətlərinin dərinləşməsinə töhfə verəcəyi bildirilib.
Bədii hissədə tar azərbaycanlı ifaçı İbrahim Babayev və onun rəhbərlik etdiyi qrupun təqdimatında milli musiqi nümunələri, həmçinin Dominikan musiqisindən seçilmiş əsərlər səsləndirilib.




