
Buxarestdə 8 Noyabr - Zəfər Günü münasibətilə rəsmi ziyafət təşkil edilib
Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş təntənəli rəsmi qəbul keçirilib.
Azərbaycanın Rumıniyadakı Səfirliyi tərəfindən Buxarest şəhərində yerləşən “Club Diplomatic” sarayında 8 Noyabr - Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub. Mərasimdə Rumıniyanın dövlət və hökumət nümayəndələri, deputatlar, diplomatik korpusun rəhbərləri, elm, mədəniyyət və KİV xadimləri, eləcə də yerli diaspora təmsilçiləri iştirak ediblər.
Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edən səfir Qüdsi Osmanov 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən söz açaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etdiyini bildirib. Diplomat Zəfərdən sonra bölgədə həyata keçirilən miqyaslı bərpa-quruculuq işlərinə diqqət çəkib və bu qələbənin Cənubi Qafqaza davamlı sülh gətirdiyini vurğulayıb.
Rumıniya Senatının sədri Mirça Abrudean isə bu tarixin Cənubi Qafqazda yeni bir dövr açdığını qeyd edib. Rumıniyanın Azərbaycan ilə strateji tərəfdaşlıq münasibətlərinə üstünlük verdiyini vurğulayan M.Abrudean beynəlxalq hüquq prinsiplərinə, xüsusilə suverenlik və ərazi bütövlüyünə hörmətin vacibliyini dilə gətirib.
Qəbul çərçivəsində Zəfər Gününə həsr olunan videoçarx nümayiş etdirilib, işğaldan azad edilən ərazilərdəki quruculuq işlərini və mina problemini əks etdirən fotosərgi təşkil olunub, qonaqlara milli mətbəximizin təamları təqdim edilib.




