
Böyük Qayıdış prosesi təkcə fiziki dönüş deyil, həm də hərtərəfli dirçəlişdir
Deputat Azay Quliyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış prosesi təkcə fiziki qayıdış deyil, həm də genişmiqyaslı bərpa işlərini əhatə edir.
AzadAzərbaycan xəbər verir ki, deputat Azay Quliyev Böyük Qayıdış prosesinin sadəcə doğma torpaqlara fiziki qayıdış demədiyini vurğulayıb. Onun sözlərinə görə, bu, ilk növbədə, həmin ərazilərin minalardan təmizlənməsi, təhlükəsiz vəziyyətə gətirilməsi və yaşam üçün ən yüksək səviyyədə infrastrukturun yaradılmasıdır.
Deputat qeyd edib ki, buraya məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri, yollar, körpülər, elektrik stansiyaları, müasir yaşayış binaları və dini-mədəni abidələrin bərpası daxildir. Bütün bu işlər "yaşıl" şəhər və kənd prinsipləri, həmçinin "ağıllı" konsepsiyalar əsasında həyata keçirilir.
O, Azərbaycan dövlətinin bu prosesi təkbaşına, daxili imkanlar və büdcə hesabına reallaşdırdığını diqqətə çatdırıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsi nəzarəti ilə bərpa işlərinin görünməmiş sürətlə aparıldığı bildirilib.
İqtisadi müstəvidə qarşıda duran əsas hədəflərə toxunan parlamentari yeni məskunlaşma zonasında özünüməşğulluq və kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Ərazidə həyatın elə cazibədar qurulduğunu bildirən deputat, digər bölgələrdən də insanların burada yaşamağa və işləməyə axın edəcəyinə əminliyini ifadə edib.




