
Bakı Şəhər İcra Hakimiyyətində qış mövsümünə hazırlıqla bağlı geniş müşavirə keçirilib
Eldar Əzizovun sədrliyi ilə keçirilən müşavirədə paytaxtın kommunal xidmətlərinin qış mövsümünə hazırlığı və aparılan abadlıq işləri müzakirə olunub.
AzadAzərbaycan xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət strukturlarının rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıqla bağlı geniş tərkibli toplantı təşkil edilib.
Toplantıda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevin son tarixi çıxışlarının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O bildirib ki, dövlət başçısının bəyanatları dünən və bu günün reallıqlarını əks etdirməklə yanaşı, gələcəyə ünvanlanmış vacib mesajlardır. İcra başçısı Qarabağ probleminin Azərbaycan xalqı tərəfindən müstəqil şəkildə həll olunduğunu və ölkəmizin tam müstəqil siyasi xətt yürütdüyünü diqqətə çatdırıb.
Müşavirədə həmçinin Bakıda həyata keçirilən abadlıq və quruculuq tədbirləri, kommunal xidmətlərin mövcud fəaliyyəti, sanitar-təmizlik işləri və yaşıl ərazilərin artırılması məsələləri nəzərdən keçirilib. Müvafiq sahə rəhbərləri qışa hazırlıq prosesinin gedişatı ilə bağlı hesabat veriblər.
Tədbirin sonunda paytaxt üzrə görülən işlərin daha da sürətləndirilməsi və qarşıda duran vəzifələrin vaxtında icra olunması üçün tapşırıqlar verilib.




