
Bakı metropoliteni dörd gün fərqli rejimdə işləyəcək
Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə 7–10 noyabr tarixlərində Bakı metropoliteninin iş rejimində dəyişikliklər olunacaq.
AzadAzərbaycan xəbər verir ki, 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə bağlı 7-10 noyabr tarixlərində Bakı metropolitenində qatarların hərəkəti istirahət günlərinin qrafikinə uyğunlaşdırılacaq.
Bayram günlərində sərnişin sıxlığının idarə olunması məqsədilə "İçərişəhər", "Sahil" və "28 May" stansiyalarında əlavə işçi heyəti cəlb ediləcək və təhlükəsizlik nəzarəti artırılacaq. Sıxlıq müşahidə edilən pik saatlarda "İçərişəhər-Həzi Aslanov" marşrutu üzrə qatarlararası interval 2,5-3 dəqiqə təşkil edəcək.
Sərnişin axınının artacağı təqdirdə ehtiyat qatarların da xəttə çıxarılması nəzərdə tutulub. Bənövşəyi xətt üzrə hərəkət bazar gününün cədvəlinə əsasən tənzimlənəcək, Yaşıl xətdə isə mövcud hərəkət qrafiki dəyişməz qalacaq.




