
Azərbaycana qarşı təxribatçı çağırışlar edən 14 İran vətəndaşı ölkəyə buraxılmayacaq
İran vətəndaşları tərəfindən Azərbaycana qarşı səsləndirilən təhqiramiz ifadələr və qeyri-qanuni çağırışlar səbəbindən 14 nəfər arzuolunmaz şəxs elan olunub.
AzadAzərbaycan xəbər verir ki, son dövrlərdə İran İslam Respublikasından ölkəmizin ünvanına səsləndirilən əsassız ittihamlar, təhqirlər və qeyri-qanuni çağırışların sayı artıb. Müxtəlif səviyyəli rəsmi şəxslər, din xadimləri və ekspertlər tərəfindən Azərbaycanın suverenliyi hədəf alınır, dini nifrət təşviq edilir və hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar edilir.
Qeyd olunan neqativ hallar nəzərə alınaraq, sosial şəbəkələrdə və KİV-də Azərbaycana qarşı düşmənçiliyi təbliğ edən 14 İran vətəndaşı barəsində sərt tədbirlər görülüb. Həmin şəxslər Azərbaycan Respublikasının ərazisində arzuolunmaz şəxs elan edilib və ölkəyə girişlərinə qadağa qoyulub.
Qara siyahıya daxil edilən şəxslər arasında siyasi analitiklər, parlament deputatları, media rəhbərləri və din xadimləri yer alır. Siyahıda Ehsan Movəhhediyan, Əhməd Fərşbafiyan, Kamran Qəzənfəri, Əlirza Beyqi, Əbülfəzl Zöhrəvənd, Abbas Moqtədayi Xorasqani, Əlirza Səlimi, Hüseyn Şəriətmədari, Möhsün Əraki, Məhəmməd Cavad Fazil Lənkərani, Əbdül Hüseyn Xosrov Pənah, Qulamrza Kavaşi, Daryuş Səfərnejad və Əhmədrza Musəvi adları qeyd olunub.




