
FIFA Azərbaycanın U-15 dünya çempionatı və festivalına hazır olduğunu bildirib
Beynəlxalq Futbol Federasiyası Bakıda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı paylaşım edərək hazırlıq işlərini yüksək qiymətləndirib.
Azərbaycan U-15 dünya çempionatı və festivalına ev sahibliyi etməyə tam hazırdır. Bu barədə FİFA özünün rəsmi sosial şəbəkə hesablarında məlumat yayıb.
Ali futbol qurumu Bakıda təşkil olunacaq mötəbər turnirlə əlaqədar paylaşım edərək Hövsan Yarış Kompleksinin qısa müddətdə hazır vəziyyətə gətirildiyini vurğulayıb. Bildirilib ki, bu obyekt qısa müddət ərzində AFFA tərəfindən uğurla ərsəyə gətirilib.
Qeyd edək ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 22-dən 30-dək Hövsan Yarış Kompleksində baş tutacaq. Yarışın açılış və final qarşılaşmaları isə Bakı Kristal Zalında keçiriləcək.
Turnirin ilk matçları oktyabrın 24-də start götürəcək. Ümumilikdə 189 ölkənin qatılacağı və 1000-ə yaxın görüşün keçirilməsi nəzərdə tutulan bu irimiqyaslı tədbir dünyanın müxtəlif guşələrindən gələn yeniyetmə futbolçuları bir araya gətirəcək.




