
Aşıq Vüqar Mahmudoğlunun xatirəsi yad edilir: Şirvan aşıq sənətinin ustad nümayəndəsi
Bu gün Azərbaycanın tanınmış ustad sənətkarı, Şirvan aşıq mühitinin parlaq nümayəndələrindən olan merhum Aşıq Vüqar Mahmudoğlunun doğum günüdür.
AzadAzərbaycan xəbər verir ki, bu gün Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Vüqar Mahmudoğlunun doğum günüdür. Erkən yaşda həyatdan gedən sənətkar yaşasaydı, bu gün 56 yaşını qeyd edəcəkdi. O, 2018-ci il yanvarın 10-da infarkt səbəbindən dünyasını dəyişib.
Aşıq Vüqar Mahmudoğlu Şirvan aşıq mühitinin unikal ənənələrini uğurla yaşadan və gələcək nəsillərə ötürən əsas sənətkarlardan biri olub. Atası, böyük ustad Aşıq Mahmud Ələsgəroğlunun sənət yolunu davam etdirən Vüqar, 12 yaşından etibarən atası ilə birgə el məclislərində iştirak edərək bu sənətin incəliklərinə yiyələnib.
Ali musiqi təhsilli azsaylı aşıqlardan olan Vüqar Mahmudoğlu Şamaxı Musiqi Kollecini və Mirzəğa Əliyev adına İncəsənət Universitetini fərqlənmə diplomu ilə bitirib. O, "Köpək şikəstə", "Qara qafiyə", "Qədim peşrə" kimi ifası böyük ustalıq tələb edən çətin havaları yüksək peşəkarlıqla oxuyaraq lentə aldırıb və Şirvan aşıq məktəbinə dəyərli töhfələr verib.
Azərbaycan aşıq sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edildikdən sonra seçilən ifaçılardan biri də Aşıq Vüqar olub. Sənətkar Fransa, Almaniya, İsveçrə, Norveç, Türkiyə, Rusiya və İran kimi ölkələrin böyük səhnələrində milli mədəniyyətimizi ləyaqətlə təmsil edib.




