
Alimlər yaradıcılıq və psixi pozğunluqlar arasındakı əlaqəni açıqlayıb
Maks Plank Cəmiyyətinin alimləri yaradıcı fəaliyyət növü ilə psixi pozğunluq riski arasında statistik əlaqənin olduğunu müəyyən ediblər.
Maks Plank Cəmiyyətinin Empirik Estetika İnstitutunun mütəxəssisləri yaradıcı fəaliyyət növü ilə psixi pozğunluq riski arasında statistik əlaqənin olduğunu müəyyən ediblər. Geniş miqyaslı tədqiqatın nəticələri Molecular Psychiatry jurnalında dərc olunub.
Tədqiqat zamanı alimlər yaradıcılığı bədii və elmi olaraq iki vektora ayırıblar. İştirakçıların məlumatları tibbi diaqnozlarla müqayisə edildikdən sonra məlum olub ki, sənətə meylli insanlarda psixi pozğunluq əlamətləri daha çox rast gəlinir. Elmi yaradıcılıqla məşğul olanlarda isə belə bir əlaqə demək olar ki, müşahidə olunmayıb.
Alimlərin qənaətinə görə, bu prosesdə irsiyyət və genlər əsas rol oynayır. Əvvəlki araşdırmaların ziddiyyətli nəticələr verməsi isə elm adamları ilə rəssamların eyni kateqoriyada qiymətləndirilməsi ilə bağlı olub. Mütəxəssislər qeyd edirlər ki, bədii istedad və müəyyən pozğunluqlara meyllilik ümumi bioloji köklərə malik ola bilər.




