
Uşaqlarda insultun əlamətləri nələrdir və bu təhlükəli vəziyyəti necə müəyyən etməli
AzadAzərbaycan xəbər verir ki, mütəxəssislər uşaqlarda nadir hallarda müşahidə olunan, lakin həyati təhlükə daşıyan insultun əsas əlamətlərini açıqlayıblar.
Uşaqlarda beyin qansızması böyüklərə nisbətən az rast gəlinsə də, bu hal anadangəlmə ürək qüsurları, damar xəstəlikləri, qan laxtalanması pozğunluqları, baş-boyun zədələnmələri və ya infeksiyalar nəticəsində baş verə bilər.
Rusiya Uşaq Klinik Xəstəxanasının neyrocərrahiyyə şöbəsinin nevroloqu İrina Rasskazçikova bildirib ki, əsas xəbərdaredici əlamət nevroloji pozuntuların qəfil meydana çıxmasıdır. Bu zaman uşağın hərəkətləri və danışığı dəyişə, tarazlığı pozula, görmə problemləri yarana bilər.
Əgər bədənin bir tərəfində zəiflik və ya keyimə, üzün qəfil asimmetriyası, danışmaqda çətinlik, tarazlığın kəskin pozulması, qəfil görmə itkisi, şiddətli baş ağrısı, qıcolma və ya şüurun qarışması müşahidə edilərsə, dərhal tədbir görülməlidir.
Körpələrdə və azyaşlı uşaqlarda beyin qan dövranının pozulması əlamətləri çox vaxt nəzərə çarpmaya bilər və bəzi hallarda ilk əlamət məhz qıcolma olur.
İnsult şübhəsi olduqda uşaq dərhal xəstəxana şəraitində təcili tibbi müayinədən keçməlidir. Həkimin sözlərinə görə, işemik insult zamanı qan laxtasını əridən dərmanlar tətbiq oluna bilər və ya endovaskulyar müdaxilə həyata keçirilə bilər.




