
ABŞ Konqresində erməni lobbisinin təsiri Azərbaycanla münasibətlərə necə təsir edə bilər
ABŞ Konqresində erməni lobbisinin dəstəklədiyi namizədlərin qələbəsi iki ölkə arasındakı münasibətlərə yeni təhdidlər yarada bilər.
ABŞ-da keçirilən aralıq seçkilər zamanı demokratların mövqelərinin güclənməsi Vaşinqtonla Bakı arasındakı əlaqələrə təsir göstərə bilər. Bu vəziyyət təkcə daxili siyasi kursla deyil, həm də regiondakı proseslərə erməni maraqları prizmasından yanaşılması ilə bağlıdır.
Daha əvvəl Bayden administrasiyası dövründə də oxşar təcrübə müşahidə olunmuşdu. Həmin vaxt Azərbaycanın suverenliyini bərpa etməsi prosesində həm qanunvericilik, həm də icra strukturunda ölkəmizə qarşı qərəzli mövqe sərgilənmişdi, Zəfəngəzur dəhlizi məsələsində İrəvanın maraqları müdafiə olunmuşdu və 907-ci düzəliş yenidən aktivləşdirilmişdi.
Mövcud riskləri artıran əsas amillərdən biri Amerika Erməni Milli Komitəsinin (ANCA) dəstəklədiyi namizədlərin əksəriyyətinin seçkilərdə qələbə qazanmasıdır. Komitənin dəstəklədiyi 64 namizəddən xeyli hissəsi parlamentin hər iki palatasına düşməyi bacarıb. Təcrübə göstərir ki, bu qüvvələrin dəstəyi ilə seçilən şəxslər əsasən Azərbaycana qarşı fəaliyyət göstərmək öhdəliyi götürürlər.
Yeni seçilən bəzi konqresmenlərin qələbə çıxışlarında Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməsi və erməni icmasının maraqlarını müdafiə edəcəklərini bəyan etməsi bu narahatlıqları daha da gücləndirir. Onlar gələcək fəaliyyətlərində 907-ci düzəlişin bərpası, qondarma hüquqların müdafiəsi və həbsdə olan erməni əsilli şəxslərin azad olunması kimi məsələləri qabartmağa çalışacaqlar.




