
Türkiyənin sabiq naziri və AKP sədrinin keçmiş müavini həbs olunub
Türkiyənin sabiq ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya fondlarla bağlı aparılan istintaq çərçivəsində həbs edilib.
AzadAzərbaycan xəbər verir ki, Türkiyənin sabiq ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya fondlarla bağlı aparılan istintaq çərçivəsində həbs edilib. Məlumata görə, Kaya prokurorluqda iki saatdan artıq dindirildikdən sonra məhkəməyə göndərilib.
O, Kapital bazarı haqqında qanunun pozulması və cinayət törətmək məqsədilə yaradılan təşkilata üzv olmaqda şübhəli bilinir. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
İş üzrə İlyas Kaya və Türkiyənin sabiq Kapital Bazarları Şurasının sədri İbrahim Ömər Gönül barəsində isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Onların hər ikisi mütəmadi olaraq imza atmalı və ölkədən çıxmamalıdırlar.
Xatırladaq ki, Kaya sentyabrın 26-dək Ədalət və İnkişaf Partiyasında sədr müavini vəzifəsini tutub. O, həmin tarixdə fond iddiaları ilə bağlı istintaqa kölgə salmamaq üçün partiyadakı bütün vəzifələrindən azad olunmasını tələb etmişdi.




