
Türkiyə qurumundan Heydər Əliyev Parkı ilə bağlı yayılan iddialara reaksiya
İstanbulun Şişli rayonundakı Heydər Əliyev Parkında yerləşən büstün söküləcəyi barədə xəbərlərin həqiqətə uyğun olmadığı açıqlanıb.
Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi İstanbulun Şişli rayonundakı Heydər Əliyev Parkı ilə bağlı yayılan iddialara münasibət bildirib.
Qurumdan verilən açıqlamaya görə, parkdakı büstün söküləcəyi və ərazidə mədəniyyət mərkəzinin inşa ediləcəyi barədə sosial mediada yayılan məlumatlar tamamilə əsassızdır.
Bildirilib ki, Şişli Bələdiyyəsi tərəfindən həmin ərazidə hər hansı bir layihə həyata keçirilmir və bu məsələ ümumiyyətlə gündəmdə deyil.
Açıqlamada ictimaiyyəti çaşdırmağa və iki qardaş ölkə arasındakı əlaqələri hədəf alan bu cür təxribat xarakterli məlumatlara inanmamaq tövsiyə olunub.




