
Şimali Avropa ölkələri Rusiya xokkeyçiləri ilə matçlardan imtina edəcək
Norveç, Danimarka və İsveç yığmaları Rusiya komandasının dünya çempionatında iştirak edəcəyi təqdirdə onunla oynamayacaqlarını bildiriblər.
Norveç, Danimarka və İsveçin xokkey federasiyaları Rusiya milli komandasının 2027-ci il dünya çempionatında iştirakı təsdiqlənəcəyi təqdirdə onunla qarşılaşmayacaqlarını bəyan ediblər.
AzadAzərbaycan xəbər verir ki, adıçəkilən ölkələrin idman qurumları bu addımı təhlükəsizlik riskləri və Ukraynadakı hərbi əməliyyatlarla əlaqələndiriblər. Buna baxmayaraq, həmin komandalar turnirin digər matçlarında iştirak etməyi nəzərdə tuturlar.
Daha əvvəl Finlandiya Xokkey Assosiasiyası da Ukraynada müharibə davam etdiyi müddətcə Rusiya ilə oynamayacaqlarını açıqlamışdı. Qurum rəsmiləri digər ölkələri də bu mövqeni dəstəkləməyə çağırıblar.
Qeyd edək ki, Rusiyanın beynəlxalq yarışlara qayıtması İdman Arbitraj Məhkəməsinin qərarından sonra müzakirə mövzusuna çevrilib. Lakin yığmanın gələcək aqibəti Beynəlxalq Buzüstü Xokkey Federasiyasının yekun qərarından asılıdır.




