
Saratov vilayətində imam kəndini alkoqol asılılığından xilas edib
Keçmişdə spirtli içki aludəçisi olan Saratov vilayətinin sakini Rafiq İsmayılov təsirli bir addımla bütün kənddə sərxoşluğun qarşısını alıb.
AzadAzərbaycan xəbər verir ki, Saratov yaxınlığındakı Novaya Ust-Uz kəndində yerləşən mağazada artıq spirtli içki satılmır, çünki yerli sakinlər arasında buna tələbat tamamilə aradan qalxıb.
Əvvəllər ciddi alkoqol asılılığından əziyyət çəkən İmam Rafiq İsmayılov kənddə sərxoşluğun kökünü kəsməyi bacarıb. Onun bu qərarı verməsində isə üç yaşlı qızının sözləri həlledici rol oynayıb.
Bir gün sərxoş vəziyyətdə evdə olan Rafiq İsmayılov həyat yoldaşı ilə qızının söhbətini eşidib. Balaca qızının atasına yaxınlaşaraq "Ata, sən artıq içməyəcəksən?" deməsi onun həyatını tamamilə dəyişib və o, içkini birdəfəlik atıb.
Bundan sonra Saratov Ayıqlıq və Sağlamlıq Cəmiyyətinə müraciət edən Rafiq İsmayılov təşkilatın sədri Natalya Korolkova ilə görüşüb. O, keçmişdə yaşadığı çətinliklərdən, ali təhsil aldıqdan sonra işlədiyi sahədə yaranan problemlər səbəbindən içkiyə qurşanmasından bəhs edib.
Hazırda məsciddə imam və Saratov ayıqlıq cəmiyyətinin idarə heyətinin sədri kimi fəaliyyət göstərən Rafiq İsmayılovun səyləri nəticəsində bütün kənd sakinləri zərərli vərdişdən əl çəkiblər.




