
Rusiyanın Qara dənizdəki kommersiya gəmilərinə hücumlarının əsas səbəbi açıqlandı
Rusiya qüvvələrinin Qara dənizdə kommersiya gəmilərinə hücum etməkdə məqsədi Ukrayna limanlarının fəaliyyətini tamamilə bloklamaqdır.
Rusiya pilotsuz uçuş aparatları Qara dəniz hövzəsində ticarət gəmilərinə qarşı hücumlarını davam etdirir. Əsas hədəf Ukrayna limanlarının işini iflic etmək və dəniz əlaqələrini kəsməkdir.
Son həftələr ərzində təxminən 10 gəmi zərər görüb, ümumilikdə isə ölənlərin və itkin düşənlərin sayı ən azı 30 nəfərə çatıb. Bu durum Qara dənizi qlobal miqyasda ən təhlükəli dəniz marşrutuna çevirib.
London sığorta bazarı üçün riskləri qiymətləndirən Birgə Hərbi Komitə Türkiyə, Rumıniya, Bolqarıstan və Gürcüstanın ərazi suları istisna olmaqla, bütün Qara dəniz regionunu yüksək riskli zona elan edib. Hücumların bir hissəsi isə NATO üzvü olan Bolqarıstan və Rumıniyanın ərazi sularına yaxın ərazilərdə qeydə alınıb.
Fransa kəşfiyyatının məlumatına əsasən, Rumıniya limanına istiqamətlənən "Contship Jet" gəmisi Bolqarıstan sahillərindən 26 kilometr məsafədə vurularaq batırılıb. Oktyabrın 15-də isə daha dörd ticarət gəmisi hücuma məruz qalıb.
Rumıniyanın xarici işlər naziri Oana-Silviya Toyu bildirib ki, təhlükəli insidentlərin bəziləri ölkənin ərazi sularında baş verib və nəticədə səkkiz nəfər həyatını itirib. Dənizçilik mütəxəssislərinin qənaətincə, Rusiya yeni reaktiv dronlardan və hərəkətli hədəfləri vuran aparatlardan istifadə edir.
Ambrey təhlükəsizlik şirkətinin analitiklərinin fikrincə, Rumıniya və Bolqarıstanın ərazi sularını artıq təhlükəsiz hesab etmək qeyri-mümkündür. Bütün risklərə baxmayaraq, bəzi şirkətlər iqtisadi səbəblərdən reyslərini davam etdirirlər.




