
Rusiyada hərbi müqavilə imzalatmaq üçün vətəndaşlara təzyiqlər artırılır
Rusiya vətəndaşlarını Ukraynadakı döyüşlərdə iştirak üçün müqavilə bağlamağa məcbur etmək məqsədilə təzyiq və hədə-qorxulardan istifadə olunur.
Rusiya vətəndaşlarını Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa vadar etmək məqsədilə təzyiqlər gücləndirilir.
“Atəş” partizan hərəkatının məlumatına əsasən, işə qəbul agentlikləri və çağrı mərkəzləri özlərini hərbi komissarlıq nümayəndələri kimi təqdim edərək səfərbərlik göstərişi olan şəxslərə kütləvi şəkildə zənglər edirlər.
Operatorların hədə-qorxu və psixoloji təzyiqlərdən istifadə etdiyi, vətəndaşlara müqavilədən imtina edəcəkləri təqdirdə ödəniş, güzəşt və sosial təminatlarını itirəcəklərini bildirdikləri qeyd olunur.
Həmçinin potensial müqaviləli əsgərlərə qoyulan tələblərin xeyli yumşaldıldığı, yaş həddinin 64-ə qaldırıldığı və qadınların da siyahıya daxil edildiyi bildirilir.
Bundan əlavə, HİV, hepatit, diabet, eləcə də infarkt və insult kimi ciddi xəstəliklərin artıq orduya qəbuldan imtina üçün şərtsiz əsas təşkil etmədiyi vurğulanır.




