
Rusiya ilə Hindistan arasında vizasız səfər danışıqları dayandırılıb
Rusiya və Hindistan arasında illərdir davam edən qrup halında vizasız səfər rejiminin tətbiqi üzrə danışıqlar dalana dirənib.
AzadAzərbaycan xəbər verir ki, 2010-cu illərin sonlarından bəri Rusiya ilə Hindistan arasında həyata keçirilməsi planlaşdırılan vizasız rejim danışıqları dayandırılıb. Turist qruplarının qarşılıqlı vizasız səfərlərini nəzərdə tutan saziş üzrə işlərin dayandırıldığı bildirilib.
Rusiya Xarici İşlər Nazirliyinin konsulluq departamentinin rəhbəri Aleksey Klimov bu cür beynəlxalq müqavilələrin bağlanmasının hindistanlı tərəfdaşlar üçün əvvəllər tətbiq edilməmiş yenilik olduğunu vurğulayıb. Xatırladaq ki, Vladimir Putin 2019-cu ildə Hindistanın baş naziri Narendra Modi ilə vizaların ləğvi imkanlarını müzakirə etmişdi.
Ukraynada müharibənin başlamasından sonra Hindistan Rusiya neftinin əsas alıcılarından birinə çevrilib. Ötən illər ərzində hər iki ölkənin rəsmiləri tərəfindən müxtəlif təkliflər irəli sürülsə də, daxili idarələrarası razılaşmaların mürəkkəbliyi səbəbindən proses gözləniləndən yavaş inkişaf edib.
Mövcud qaydalara əsasən, Hindistan vizalarının qiyməti kateqoriyasından asılı olaraq dəyişir, 30 günə qədər olan elektron vizalar isə pulsuzdur. Qeyd edək ki, son illərdə iki ölkə arasında turist axınında müəyyən qədər artım müşahidə olunub.




