
Rəqəmsal məktəb platforması təhsilin keyfiyyətini artırmağa xidmət edir
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyətinin sədri İlqar Orucov Rəqəmsal məktəb platformasının təhsil sisteminə töhfələrindən danışıb.
Rəqəmsal məktəb platformasının əhatə dairəsinin paytaxtla yanaşı, Sumqayıt, Abşeron, Gəncə, Mingəçevir və Naxçıvandakı 550-dən çox təhsil müəssisəsinə genişləndirilməsi böyük verilənlərin təhsil sisteminə inteqrasiyası deməkdir.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, platformada toplanan real vaxt məlumatları vahid standart modelindən hər bir şagirdə fərdi yanaşmaya keçid yaratmağa imkan verir.
Onun sözlərinə görə, qiymətləndirmə nəticələrinin ilboyu avtomatik təhlil olunması təhsil idarəçilərinə akademik geriləmələri vaxtında müəyyənləşdirməyə şərait yaradır.
Eyni zamanda, elektron jurnallar vasitəsilə dərslərin effektivliyi və müəllimlərin peşəkar fəaliyyəti izlənilir, əldə edilən nəticələrə əsasən ixtisasartırma təlimləri təşkil olunur.
Platformaya inteqrasiya olunmuş süni intellekt alətləri müəllimlərə dərs planları hazırlamaqda kömək edir, data analitikası isə şagirdlərin çətinlik çəkdiyi mövzular üzrə fərdiləşdirilmiş tapşırıqlar təklif edir.

