
Qalatasaray İdarə Heyətində istefa dalğası davam edir
Türkiyənin tanınmış "Qalatasaray" klubunun İdarə Heyətinin üzvü Abdullah Kavukcu vəzifəsindən ayrıldığını açıqlayıb.
"Qalatasaray" klubunun İdarə Heyətinin üzvü Abdullah Kavukcu tutduğu postdan istefa verdiyini elan edib. Klub rəsmisi bu qərarı barədə ictimaiyyətə açıqlama verib.
Kavukcu oktyabrın 27-də baş tutan İdarə Heyətinin iclasından sonra komandanın vitse-prezidenti Metin Öztürklə aralarında fikir ayrılığı və mübahisə yarandığını bildirib. O, baş verənlərin sosial şəbəkələrdə qabardılmasından və təhrif olunmasından məyus olduğunu dilə gətirib.
Cəmiyyətin və klubun maraqlarını hər şeydən üstün tutduğunu vurğulayan sabiq rəsmi, təşkilatın nüfuzuna xələl gəlməməsi üçün İdarə Heyətindən getməyə qərar verdiyini qeyd edib. O, bundan sonra da "Qalatasaray"a dəstək verməyə davam edəcəyini bildirib.
Xatırladaq ki, daha əvvəl klubun vitse-prezidenti Mətin Öztürk də iclas zamanı insident yaşandığını, fiziki təzyiqlə üzləşdiyini və ailəsinin hədəf alındığını əsas gətirərək istefa vermişdi.




