
Niderlandlı ekspert Tramp və Putinin siyasətini dəyərləndirib
Hərbi analitik Patrik Boler ABŞ və Rusiya liderlərinin fəaliyyətini şərh edərək onların fərqli məqsədlər güddüyünü bildirib.
AzadAzərbaycan xəbər verir ki, ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasındakı münasibətlərdə hər nə qədər yaxınlaşma müşahidə olunsa da, onların hədəfləri fərqlidir. Tramp dünyanı nüfuz dairələrinə bölməyə və dövlət blokları yaratmağa çalışır, Putin isə özünə sərfəli mövqelər qazanmaq üçün hiyləgər siyasət yürüdür.
Bu barədə Niderlandın hərbi analitiki, müdafiə və təhlükəsizlik məsələləri üzrə ekspert Patrik Boler danışıb. O, Trampın davranışlarını anlamağın çətin olduğunu vurğulayaraq, Rusiyadan əldə edilən neftin gözlənilən həcmdə olmadığını və qiymətlərin aşağı düşməsinə təsir etmədiyini qeyd edib.
Ekspertin sözlərinə görə, Rusiya peykləri ABŞ-ın hərbi peyklərini izləməyə davam edir, eyni zamanda kəşfiyyat məlumatları husilərə və İrana ötürülür. İran bu məlumatlardan Fars körfəzindəki ABŞ hərbçilərinə zərbələr endirmək üçün istifadə edib.
Boler əlavə edib ki, ABŞ hərbçilərinin həlak olmasına baxmayaraq, Tramp Putinə qarşı sərt tədbirlər görməkdən çəkinir. Onun fikrincə, Trampın əsas problemlərindən biri analitik hesabatları oxumaması və xoşuna gəlməyən məlumatları qəbul etmək istəməməsidir.




