
Las-Veqasda keçirilən sərgidə Batmanin avtomobilini xatırladan Lamborghini nümayiş olunub
Las-Veqasdakı SEMA 2026 sərgisində xüsusi dizaynı və texniki yenilikləri ilə fərqlənən modifikasiya olunmuş Lamborghini Temerario təqdim edilib.
Las-Veqasda təşkil olunan SEMA 2026 sərgisində genişləndirilmiş gövdəyə, yenilənmiş təkərlərə və idman egzoz sisteminə malik dəyişdirilmiş Lamborghini Temerario nümayiş etdirilib. Superkar Zacoe Performance tərəfindən hazırlanan gövdə dəsti və əlavə mühərrik parametrləri ilə təchiz olunub.
Avtomobil öz qeyri-adi dizaynı ilə məşhur Betmen filmlərindəki Betmobili xatırladır. Lamborghini Temerario-nun xarici görünüşü genişləndirilmiş təkər tağları, yeni astarlar, kütləvi ön tampon, yeni kapot və arxa hissədəki spoylerle daha aqressiv görkəm alıb. Həmçinin avtomobilin damında xüsusi hava girişi quraşdırılıb.
Gövdənin hazırlanması Zacoe Performance şirkətinə, onun quraşdırılması isə Amerikanın RDB LA emalatxanasına həsas olunub. Saten-qara rəngli avtomobil parlaq qara örtüklü DTF-3P təkərləri və Toyo şinləri ilə təchiz edilib. Karbon lifindən hazırlanmış ayrı-ayrı elementlər də diqqət çəkir.
Texniki yeniliklərə gəldikdə, superkar Aeroflow Dynamics idman egzoz sistemi ilə təchiz edilib və mühərrikində tənzimləmələr aparılıb. Standart versiyada 4,0 litrlik V8 ikiqat turboşarjlı və üç elektrik mühərriki olan hibrid qurğu 920 at gücü hasil edir və 100 km/saat sürəti 2,7 saniyəyə yığır.
Xatırladaq ki, Huracán modelinin varisi olan standart Temerario 2024-cü ildə Monterey Car Week çərçivəsində debüt edib. Noyabrın 3-də başlayan və 6-dək davam edəcək SEMA 2026 sərgisi avtomobil həvəskarlarına bu cür maraqlı yeniliklərlə tanış olmaq imkanı yaradır.




