
Kibertəhdidlərə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq gücləndirilməlidir
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov Bakıda keçirilən tədbirdə çıxış edib.
Rəqəmsal mühitdə kibertəhdidlərin sərhəd tanımaması beynəlxalq səviyyədə birgə səylərin gücləndirilməsini zəruri edən əsas amillərdəndir.
AzadAzərbaycan xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov paytaxtda keçirilən informasiya təhlükəsizliyi rəhbərlərinin səkkizinci Zirvə Toplantısında diqqətə çatdırıb.
O qeyd edib ki, süni intellektin ortaya çıxardığı təhlükəsizlik çağırışlarının öhdəsindən yalnız daxili imkanlarla gəlmək qeyri-mümkündür. Çünki virtual mühitdə risklər coğrafi sərhədləri tanımır.
Rəis müavini vurğulayıb ki, təcrübə mübadiləsi, müasir mexanizmlərin tətbiqi və ortaq təhlükələrə qarşı əlaqəli fəaliyyət göstərilməsi kiberdayanıqlığın təmin olunmasında mühüm rol oynayır.
Toplantının təşkilində dəstək göstərən Avropa İttifaqına, Estoniyanın Elektron İdarəetmə Akademiyasına və müvafiq şirkətlərə minnətdarlıq ifadə olunub.
