
Hindistan Rusiya neftindən qazanc əldə edərək Avropaya sursat ixrac edir
Moskvanın Ukrayna ilə müharibəsi fonunda Hindistan Rusiyadan güzəştli neft alır, eyni zamanda Avropa ölkələrinə hərbi sursat satışını əhəmiyyətli dərəcədə artırıb.
Rusiyanın Ukraynada başladığı hərbi əməliyyatlar Moskvanın əsas tərəfdaşlarından olan Hindistan üçün ciddi gəlir mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyadan sərfəli şərtlərlə neft əldə edir, digər tərəfdən isə Ukraynaya dəstək verən Avropa dövlətlərinə sursat ixracını təxminən 18 dəfə yüksəldib.
Münaqişənin başlanmasından sonra Hindistan istehsalçıları Avropaya azı 872 milyon dollar dəyərində hərbi təyinatlı materiallar göndəriblər. Həmin məhsul çeşidinə artilleriya mərmiləri, minaatan sursatları, raket yanacağı və müxtəlif partlayıcı maddələr daxildir.
Politoloq Elxan Şahinoğlu qeyd edib ki, Avropa ölkələrinin daxili hərbi istehsalı Ukraynanın ehtiyaclarını tam qarşılaya bilmir. Bu səbəbdən Avropa dövlətləri başqa ölkələrdən hərbi texnika və sursat almaq məcburiyyətində qalırlar.
Ekspert bildirib ki, Hindistan bu prosesə sırf kommersiya baxımından yanaşır. Rusiya ilə əməkdaşlığını qoruyub saxlayan ölkə, eyni zamanda müdafiə sənayesini gücləndirməyə və Qərb müttəfiqləri ilə ticarət əlaqələrini genişləndirməyə üstünlük verir.




