
Bakıda Vətən müharibəsinin Zəfər ildönümünə həsr olunmuş Qələbə qaçışı keçirilib
Bakıda Vətən müharibəsindəki Zəfərin ildönümü münasibətilə keçirilən ənənəvi "Qələbə qaçışı"nda 2000-dən çox insan iştirak edərək rekorda imza atıb.
AzadAzərbaycan xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi Zəfərin ildönümü münasibətilə paytaxtda ənənəvi "Qələbə qaçışı" təşkil olunub. Gənclər və İdman Nazirliyi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutan yarış "Qürurla irəli" şüarı altında keçirilib.
Tədbirin rəsmi açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib. Qaçışa Dənizkənarı Milli Parkdakı "Yeddi gözəl" fəvvarəsinin yaxınlığından start verilib və iştirakçılar 10 kilometr məsafə qət ediblər.
Builki tədbirin fəxri qonaqları Vətən müharibəsi şəhidlərinin övladları olublar. Onlar finiş xəttində dayanaraq distansiyanı tamamlayan hər bir qaçışçıya medalları təqdim ediblər. 2021-ci ildən bəri hər il təşkil edilən yarış bu dəfə 2000-dən artıq iştirakçı toplamaqla ən yüksək kütləvilik göstəricisini qeydə alıb.
Gərgin keçən mübarizədə kişilər arasında Bəxtiyar Əsgərli birinci, Loğman İsrafilli ikinci, Əli Rzazadə isə üçüncü pillədə qərarlaşıblar. Qadınlar arasında yarışın qalibi Anna Yusupova olub, ikinci və üçüncü yerləri müvafiq olaraq Qənirə Həsənova və Arzu Məmmədbəyova tutublar. Qalib gələn idmançılara mükafatları gənclər və idman naziri Fərid Qayıbov ilə Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov təqdim ediblər.
Milli Park ərazisində iki gün ərzində təşkil olunan əyləncə zonasında müxtəlif proqramlar təqdim edilib, yarış bitdikdən sonra isə tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsert keçirilib. Qeyd edək ki, xeyriyyə xarakteri daşıyan bu tədbirdən - iştirakçıların qeydiyyatından toplanan bütün vəsait "YAŞAT" Fonduna köçürüləcək.




