
Bakıda keçirilən yanğınsöndürmə idmanı dünya çempionatında qaliblər bəlli oldu
Paytaxtımızda təşkil olunan yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında 100 metrlik maneə zolağını qətetmə növü üzrə qaliblər müəyyənləşib.
AzadAzərbaycan xəbər verir ki, Bakıda keçirilən yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının proqramına əsasən, noyabrın 5-də idmançılar 100 metrlik maneə zolağını qətetmə növü üzrə mübarizə aparıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışların yekununda qaliblər və mükafatçılar adlarına aydınlıq gəlib. Kişilər arasında bu məsafəni hamıdan tez qət edən Çin Xalq Respublikasından Yang Ding Hao birinci olub. İkinci yeri Rusiya Federasiyasından Dmitriy Grebenşikov, üçüncü yeri isə Belarus Respublikasından Danil Masalov tutub.
Qadınların yarışında isə Özbəkistan təmsilçisi Maysara Yisupova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rusiya Federasiyasından Arina Xvorstkina ikinci, həmvətəni Olesiya Tsenova isə üçüncü nəticə göstərərək mükafatçılar sırasına daxil olublar.
Sonda qalib gələn idmançılara medallar təqdim olunub. Mükafatlandırma mərasimi zamanı ən yüksək nəticə göstərən ölkələrin dövlət himnləri səsləndirilib.




