
Azərbaycanlı hakimlər UEFA Avropa Liqasının oyunlarını idarə edəcəklər
Azərbaycanın FİFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun matçlarına baş hakim təyin olunublar.
Azərbaycanlı FİFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA Avropa Liqasının Liqa mərhələsində dördüncü turun qarşılaşmalarında iş başında olacaqlar. Təmsilçilərimiz beynəlxalq arenada vacib oyunları idarə etmək tapşırığı alıblar.
İspaniyada baş tutacaq "Selta" - "Yunion" qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. 39 yaşlı ədalət təmsilçisinə yan xətlərdə Zeynal Zeynalov və Akif Əmirəli yardım edəcəklər. Həmin matçda dördüncü hakim funksiyasını isə Rauf Cabarov yerinə yetirəcək.
Digər FİFA referimiz Elçin Məsiyev isə Belçikada keçiriləcək "Anderlext" - "Zaltsburq" oyununa təyinat alıb. 35 yaşlı baş hakimə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Görüşün dördüncü hakimi rolunda Nicat İsmayıllı çıxış edəcək.
Məlumat üçün bildirək ki, "Anderlext" - "Zaltsburq" matçı noyabrın 5-də Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. "Selta" - "Yunion" qarşılaşması isə noyabrın 5-dən 6-na keçən gecə saat 00:00-da başlayacaq.




