
Azərbaycan və Rusiya FHN-ləri arasında 2027-2029-cu illər üçün sənəd imzalanıb
Azərbaycan və Rusiyanın fövqəladə hallar nazirlikləri arasında 2027-2029-cu illəri əhatə edən Birgə Tədbirlər Planı imzalanıb.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında 2027-2029-cu illər üzrə Birgə Tədbirlər Planı təsdiqlənib.
AzadAzərbaycan xəbər verir ki, sənədə Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Rusiyanın fövqəladə hallar naziri general-polkovnik Aleksandr Kurenkov imza atıblar.
Görüşdə Kəmaləddin Heydərov ikitərəfli əlaqələrin müsbət dinamikasını vurğulayaraq, FHN-lər arasında fövqəladə hallara hazırlıq, peşəkar kadrların təhsili, elmi-metodiki sahə və məlumat mübadiləsi istiqamətində səmərəli əməkdaşlığın aparıldığını bildirib. Nazir imzalanan planın təcrübə mübadiləsini daha da genişləndirəcəyini diqqətə çatdırıb.
Rusiya naziri Aleksandr Kurenkov isə Bakıda təşkil olunan yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının yüksək səviyyədə keçirildiyini qeyd edib. O, qurumlar arasındakı qarşılıqlı etimadı yüksək qiymətləndirərək, yeni razılaşmanın birgə təşəbbüslərin gerçəkləşməsinə töhfə verəcəyini vurğulayıb.
Qeyd edək ki, Aleksandr Kurenkov ölkəmizə yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında isə XII dünya çempionatında iştirak etmək məqsədilə gəlib.




