
Azərbaycan cüdoçuları U-23 Avropa çempionatında komanda hesabında birinci olublar
İtaliyanın Neapol şəhərində keçirilən U-23 Avropa çempionatında Azərbaycan millisi fərdi yarışları 3 qızıl medalla başa vuraraq ümumi komanda hesabında zirvəyə yüksəlib.
İtaliyanın Neapol şəhərində təşkil olunan cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan yığmasının üzvləri böyük uğura imza atıblar. Turnirdə Əjdər Bağırov və Kənan Nəsibov qızıl medala layiq görülüblər.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata əsasən, -100 kiloqram çəki dərəcəsində mübarizə aparan Əjdər Bağırov həlledici final qarşılaşmasında almaniyalı rəqibi Yannis Başini məğlub edərək Avropa çempionu adını qazanıb. İdmançımız bu ada yiyələnənədək İvan Kutenkov (Ukrayna), Borna Butiyer (Xorvatiya) və Ronald Prölü (Avstriya) üstələməyi bacarıb.
Ağır çəki dərəcəsində (+100 kq) tatkiyə çıxan Kənan Nəsibov da çempionatı qələbə ilə başa vurub. O, finalda serbiyalı Vidak Malyeviçə qalib gələrək titulunu qoruyub və ardıcıl ikinci dəfə U-23 Avropa çempionu olub. Nəsibov finala gedən yolda Luka İvankoviç (Xorvatiya), Yan Riqo (Fransa) və Morteza Suhanı (Almaniya) məğlub edib.
Bununla da Azərbaycan millisi fərdi yarışları 3 qızıl medalla tamamlayıb və ümumi komanda hesabında 1-ci yeri tutub. Xatırladaq ki, daha əvvəl İslam Rəhimov (-66 kq) da ardıcıl ikinci dəfə U-23 Avropa çempionu adını qazanmışdı.




