
Azərbaycan BMT Günündə beynəlxalq sülh və əməkdaşlığa sadiqliyini bəyan edib
Azərbaycan Xarici İşlər Nazirliyi BMT Günü münasibətilə paylaşım edərək ölkəmizin beynəlxalq təhlükəsizliyə və dayanıqlı inkişafa töhfə verməyə davam edəcəyini vurğulayıb.
Azərbaycan Respublikası çoxtərəfli əməkdaşlığa, qlobal sülhün və təhlükəsizliyin qorunmasına, həmçinin dayanıqlı inkişaf prinsiplərinə sadiq olduğunu növbəti dəfə bəyan edib.
AzadAzərbaycan xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Günü ilə bağlı "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşılan təbrik mesajında bildirilib.
Bəyanatda vurğulanıb ki, Azərbaycan beynəlxalq platformalarda tərəfdaşlığın möhkəmləndirilməsi, dialoq mühitinin genişləndirilməsi və daha dinc, ədalətli, təhlükəsiz gələcəyin qurulması istiqamətində səylərini bundan sonra da əsirgəməyəcək.




